QIRIQQALA UNİVERSİTETİNDƏ SÜLEYMAN DƏMİRƏLİN YUBİLEYİ QEYD EDİLMİŞDİR
Ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Süleyman Dəmirələ göndərdiyi təbrik məktubunu oxudu. Dövlətimizin başçısının təbriki alqışlarla qarşılandı.
Qırıqqala universitetinin rektoru Təhsin Nuri Durlu 2004-cü ilin noyabrın 1-də Süleyman Dəmirəlin həm anadan olmasının 80-ci ildönümünün, həm də onun siyasi fəaliyyətə başlamasının 50-ci illiyinin tamam olduğunu vurğuladı. Təntənəli mərasimdə çıxış edən natiqlər Süleyman Dəmirəlin yaşadığı zəngin və mənalı həyat yolundan danışdılar.
Universitet rəhbərliyinə, professor və müəllimlərə, bu əziz gündə onunla bərabər olan dostlarına dərin təşəkkürünü bildirən Süleyman Dəmirəl xatirələrini söylədi. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına mühüm təsir göstərdiyini bildirdi, bu baxımdan Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin təbrik məktubunun onun üçün xüsusi əhəmiyyəti və qıyməti olduğunu vurğuladı. İlham Əliyevin Prezidentliyinin ilk ilinin səmərəli və uğurlu keçdiyini bildirən cənab Süleyman Dəmirəl Azərbaycan xalqının rifahı və gələcəyi naminə gələcək işlərində dövlətimizin başçısına uğurlar arzuladı.