ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ TOVUZDA ƏBƏDİLƏŞDİRİLDİ
Rayon icra hakimiyyətinin başçısı Həmid Bağırov mərasimi açaraq, dahi şəxsiyyət, dünya siyasətçiləri arasında görkəmli yeri olan Heydər Əliyevin dövlət rəhbəri kimi Azərbaycan, xalqımız qarşısında misilsiz xidmətlərindən, ümummilli liderin respublikaya rəhbərlik etdiyi 34 il ərzində qazanılan nailiyyətlərdən, müstəqil Azərbaycanın dünya birliyində layiqli yerini tutması üçün beynəlxalq aləmdə apardığı uğurlu siyasətdən ətraflı danışdı.
Bildirildi ki, 4 dəfə Tovuzda olmuş Heydər Əliyev daim tovuzlulara qayğı göstərmişdir. Onun göstərişi və şəxsi nəzarəti altında rayonda bir sıra nəhəng obyektlər istifadəyə verilmişdir. Bu qayğıya həmişə əməli işləri ilə cavab verən tovuzlular ölkənin iqtisadiyyatının inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə töhfələrini əsirgəməmişlər.
Natiq vurğuladı ki, qədirbilən rayon sakinləri xalqımızın ümummilli liderinin xatirəsini daim əziz tuturlar. Rayonda bir sıra istirahət guşələri ulu öndərin adını daşıyır. Şəhərin mərkəzindəki Heydər Əliyev meydanı və xalqımızın dahi oğlunun abidəsi tovuzluların ona sonsuz ehtiramının daha bir nümunəsidir. Bütün xalqımız kimi, Tovuz rayonunun sakinləri də əmindirlər ki, Prezident İlham Əliyev dahi Heydər Əliyevin siyasətini uğurla davam etdirəcək və Azərbaycanı inamla xoşbəxt gələcəyə aparacaqdır.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Fəttah Heydərov, Mübariz Qurbanlı, İbrahim İsayev, Abutalıb Səmədov və başqaları ulu öndərimizin xatirəsinə göstərilən bu diqqət və ehtiramı yüksək qiymətləndirdilər, belə bir əzəmətli abidənin və meydanın açılışı münasibətilə tovuzluları təbrik etdilər.
Təntənəli mərasimin sonunda “Gənc Heydərçi”lər daim ürəklərdə yaşayacaq dahi insana həsr olunmuş şeirlər söylədilər.