XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ
Komitənin sədri Nazim İbrahimov başçılıq etdiyi qurumun işi barədə qonaqlara məlumat verərək bildirdi ki, indi dünyanın 70 ölkəsində 50 milyondan çox azərbaycanlı yaşayır və ümummilli lider Prezident Heydər Əliyevin Fərmanı ilə yaradılan Dövlət komitəsi bir çox problemlərin həllində həmvətənlərin fəaliyyətini birləşdirən əlaqələndirici təşkilat olmalıdır. Hazırda Komitənin məşğul olduğu əsas məsələlərdən biri həmvətənlərimizin yaşadıqları ölkələrdə Azərbaycan lobbisi yaratmaqdır.
Nazim İbrahimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq dedi ki, bu, xalqımız üçün ən ağrılı-acılı problemdir, ərazilərimizin 20 faizi işğal edilmişdir, bir milyondan çox qaçqın var. Bu münaqişədə Azərbaycanın mövqeyi dəqiqdir. Biz bütün ölkələrin ərazi bütövlüyünün tanınmasının və təmin edilməsinin tərəfdarıyıq. Azərbaycanın strateji məqsədi Avropa qurumlarına inteqrasiyadır. Odur ki, bu yaxınlarda NATO-ya və Avropa Birliyinə üzv qəbul edilən Estoniyanın təcrübəsi bizim üçün çox mühümdür.
Nümayəndə heyətinin başçısı Marko Mikhelson səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, keçmiş sovet respublikası kimi Estoniya SSRİ-nin tərkibində olmuş ölkələrin problemlərinə bələddir və Avropa cəmiyyətinə inteqrasiya zamanı öz təcrübəsini bölüşə bilər. Biz Azərbaycan parlamentinin nümayəndə heyətləri ilə Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq edirik.