Zaqatalada turizm sahəsində peşə kadrlarının hazırlığı məsələləri ilə bağlı seminar keçirilmişdir
Zaqatala, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Zaqatala şəhərində Azərbaycan Turizm İnstitutu (ATİ) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Şəki-Zaqatala regionunda turizm peşə kadrlarının hazırlığı məsələləri” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə bölgə rayonlarının mədəniyyət və turizm şöbələrinin, turizm obyektlərinin rəhbər və nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, seminarı açan ATİ-nin prorektoru Eldar Aslanov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planının icrası ilə əlaqədar institutun nəzdində regional turizm peşə məktəblərinin yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, belə məktəblərdən birinin də ölkənin şimal-qərb bölgəsi rayonları üzrə yaradılması qərara alınmışdır. Bu məqsədlə cari ilin sentyabrında ATİ-nin əməkdaşları tərəfindən həmin regional məktəbin əhatə edəcəyi 6 rayonda turizm müəssisələri, onların kadr ehtiyacları məsələləri ilə bağlı yerli dövlət və özəl sektor nümayəndələrinin rəy və təkliflərinin öyrənilməsi üçün tədqiqat aparılmışdır.
İnstitutun təmsilçisi bildirmişdir ki, seminar sözügedən tədqiqatın nəticələrini müzakirə etmək, rayonların müvafiq sahələr üzrə nümayəndələrinin rəy və təkliflərini ümumiləşdirmək məqsədi daşıyır.
Seminarda Eldar Aslanovun “Azərbaycanın turizm peşə təhsili: mövcud vəziyyət və perspektivlər” və ATİ-nin tədqiqat və inkişaf şöbəsinin baş məsləhətçisi Yulius Arneggerin “Şəki-Zaqatala regionunda aparılmış sorğunun nəticələrinin analizi” mövzularında təqdimatları dinlənilmişdir.
Rayonların mədəniyyət və turizm şöbələrinin rəhbərləri çıxış edərək mövcud turizm potensialı və infrastruktur barədə məlumat vermişlər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.