Asiya Parlament Assambleyası: Azərbaycan xalqı öz iradəsini ifadə edərək dəstəklədiyi namizədə səs verdi
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycan xalqı öz iradəsini ifadə edərək dəstəklədiyi namizədə səs verdi. Bu seçkilərin Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini izləyən Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, Assambleyanın xüsusi nümayəndəsi, Türkiyə Böyük Millət Məclisinin deputatı Burhan Kayatürk müşahidələrin yekunlarına dair təşkil edilən mətbuat konfransında deyib.
B.Kayatürk bildirib ki, onun rəhbərlik etdiyi nümayəndə heyəti gün ərzində həm paytaxtın mərkəzində, həm də şəhərətrafı qəsəbələrdə səsvermə prosesinin gedişini müşahidə edib. Səsvermə prosesinin azad və şəffaf şəkildə keçdiyini söyləyən xüsusi nümayəndə əlavə edib ki, məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin sərbəst müşahidə aparması üçün hər cür şərait yaradılmışdı.
Mətbuat konfransında çıxış edən Banqladeş parlamentinin üzvü Nazrul İslam Çovdhuri də səsvermə prosesinin çox yüksək səviyyədə keçirildiyini vurğulayaraq 11 aprel prezident seçkilərini nümunəvi seçkilər kimi qiymətləndirib.