Beynəlxalq avtoturun iştirakçıları Azərbaycandan zəngin təəssüratla ayrılmışlar
Bakı, 25 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Malayziyada fəaliyyət göstərən “4x4 World Eksplorer Sdn Bhd” şirkətinin təşkilatçılığı ilə Türkiyədən başlanan “Beaume Transasiya-2012” avtoekspedisiyasının iştirakçıları Azərbaycanda olmuşlar.
Turun Azərbaycan hissəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Millennium Tourism&Congress DMC”nin rəhbərliyi ilə həyata keçirilmişdir.
Türkiyənin İstanbul şəhərindən start götürən avtotur Gürcüstan, Azərbaycan və Rusiyadan keçməklə Çinin Tyancin vilayətində başa çatacaqdır. 59 gün davam edəcək marşrutun uzunluğu 17 min kilometrdir. Avtoturda 12 ölkəni (Malayziya, ABŞ, Sinqapur, Yunanıstan, Türkiyə, Norveç, Hollandiya, Böyük Britaniya, Rusiya, Özbəkistan, Qırğızıstan və Çin) təmsil edən 33 iştirakçı yer almışdır. 10 avtomobildən istifadə edən iştirakçılar 2 min kilometr məsafə qət etmişlər.
“Millennium Tourism&Congress DMC”dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda olan yürüş iştirakçıları Şəki - Qəbələ -İsmayıllı - Şamaxı - Bakı istiqamətində hərəkət edərkən marşrut üzərində yerləşən qədim tarixi və mədəni abidələri, dini məbədləri ziyarət etmiş, ölkəmizin mədəni və turizm potensialı ilə yaxından tanış olmuşlar. Onlara Azərbaycanın təbiəti, mətbəxi, insanlarının mehribanlığı xüsusilə zövq vermişdir.
“Millennium Tourism”in rəhbəri Ruslan Quliyevin sözlərinə görə, belə layihələri həyata keçirməkdə əsas məqsəd ölkəmizdə turizm sektorunun daha da inkişafına, Azərbaycanın mədəni-tarixi potensialının, turizm imkanlarının dünyada təbliğinə töhfə verməkdir. Əsas hədəfimiz belə beynəlxalq marşrutlarda Azərbaycanın önəmini daha da artırmaq və ölkəmizi bu layihələrin ayrılmaz tərkib hissəsinə çevirməkdir. İnanırıq ki, bu layihə Azərbaycanın turizm diyarı kimi tanıdılmasına, ölkəmizə turist axınının artmasına, azacıq da olsa, töhfəsini verəcəkdir.
Ekspedisiyanın gedişi Malayziya televiziyası tərəfindən işıqlandırılır.