Əlcəzair mətbuatında Prezident İlham Əliyevə həsr olunmuş məqalə dərc edilib
Qahirə, 28 dekabr, AZƏRTAC
Əlcəzairin geniş oxucu auditoriyasına malik olan “Əl Vəsat” və “Əl Hivar” nəşrlərində Azərbaycan Prezidenti İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanın böyük iqtisadi tərəqqiyə nail olduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə ən müasir silahlar və texnika ilə təchiz edilmiş Ordumuzun işğaldan azad etdiyi Qarabağda yenidən bayrağımızın dalğalandığı diqqətə çatdırılıb.
Müəllif qeyd edib ki, Azərbaycanı regionun lider dövlətinə çevirən Prezident İlham Əliyev, eyni zamanda, nəhəng transmilli enerji layihələrindən daxil olan maliyyə vəsaitlərini xalqın, o cümlədən erməni işğalı nəticəsində doğma evlərindən didərgin düşmüş məcburi köçkünlərin rifahının yaxşılaşdırılmasına yönəldib. Dahi siyasətçi Heydər Əliyevin vəsiyyətini yerinə yetirən dövlət başçısı ölkənin iqtisadi qüdrətinin artırılması istiqamətində ardıcıl tədbirlər görüb. Məhz onun liderliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum TANAP və TAP enerji, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihələri uğurla başa çatdırılıb.
Məqalədə Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, 2019-cu ildə Qoşulmama Hərəkatının sədri seçilməsi, ərəb ölkələri ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atması barədə məlumat verilib. Müəllif vurğulayıb ki, Azərbaycanın dövlət başçısı 44 günlük müharibə zamanı da böyük diplomatik məharət nümayiş etdirib, xarici televiziya kanallarına müsahibələrində ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünün bərpası əzmini ifadə edib. Məhz bu diplomatik səylərin sayəsində Azərbaycanın üç rayonu - Ağdam, Kəlbəcər və Laçın heç bir döyüş əməliyyatı aparılmadan düşməndən azad olunub. Azərbaycan Prezidenti bu möhtəşəm Qələbə ilə xalqın qəlbini bir daha fəth edib, eyni zamanda, dünyanın ən nüfuzlu siyasətçiləri sırasında öz mövqeyini möhkəmləndirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə