İsveçrədə Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulub
Bern, 11 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar İsveçrə Konfederasiyasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub. 17 saylı Yasamal üçüncü seçki dairəsinin 42 saylı seçki məntəqəsində səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçib.
AZƏRTAC xəbər verir ki, səsvermə Azərbaycan Respublikası Konstitusiyası, Seçki Məcəlləsi və bu sahədəki digər qanunvericilik aktlarına uyğun keçirilib.
Azərbaycanın Berndəki səfirliyində yaradılmış seçki məntəqəsində səfirlik əməkdaşları ilə yanaşı, ölkəmizin Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri və SOCAR-ın bu ölkədəki nümayəndəliyinin əməkdaşları, İsveçrədə və həmçinin Lixtenşteyn Knyazlığında yaşayan və ya ezamiyyətdə olan, seçki hüququna malik Azərbaycan vətəndaşları səs veriblər.
Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern