Yaponiya KİV-ləri: İlham Əliyev Azərbaycan Prezidenti seçkilərində növbəti dəfə qələbə qazanıb
Tokio, 12 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri bütün ölkələrdə olduğu kimi, Yaponiya mətbuatının da diqqət mərkəzindədir.
Ölkənin əsas aparıcı Kyodo News, JİJİ PRESS və digər agentlikləri, “Sankey” və “Nikkey” qəzetləri bu barədə məlumatlar yayaraq bildirirlər ki, İlham Əliyev Azərbaycan Respublikası Prezidenti seçkilərində növbəti dəfə qələbə qazanıb.
Məqalələrdə ölkəmiz haqqında məlumat verilərək qeyd edilir ki, Azərbaycan Xəzər dənizi sahillərində yerləşən, neft və qaz yataqları ilə zəngin ölkədir. Avropa ölkələrinin enerji təminatında Azərbaycan mühüm rol oynayır.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına istinadla bildirilir ki, İlham Əliyev səslərin 86 faizini toplayaraq növbəti dövr üçün dövlət başçısı seçilib.
Məqalələrdə Prezident İlham Əliyevdən sitat da gətirilir: “Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verdi”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio