Yunanıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb
Bakı, 5 fevral, AZƏRTAC
IV Qlobal Bakı Forumuna hazırlıq çərçivəsində Yunanıstan Prezidenti Prokopis Pavlopulos İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri İsmayıl Serageldin, UNESCO-nun xoşməramlı səfiri, mərkəzin idarə heyətinin üzvü Marianna Vardinoyannis və mərkəzin digər üzvləri ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Yunanıstan Prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və 2013-cü ildən etibarən hər il Bakıda keçirilən Qlobal forumlarla bağlı məlumat verilib. Forumların əhəmiyyəti, bu cür beynəlxalq tədbirlərin dünyada baş verən bir sıra qlobal problemlərin həllinə verə biləcəyi töhfələr müzakirə olunub.
Həmin gün Yunanıstanın məşhur Akropolis Muzeyində İsmayıl Serageldinin rəhbərliyi ilə mühazirə də təşkil edilib.