MƏDƏNİYYƏT
Azərbaycan “JATA 2012” Beynəlxalq turizm sərgisində uğurla təmsil olunmuşdur
Bakı, 28 sentyabr (AZƏRTAC). Sentyabrın 20-dən 23-dək Yaponiyanın paytaxtı Tokioda "JATA 2012" Beynəlxalq turizm sərgisi keçirilmişdir.
Azərbaycan beynəlxalq sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin əməkdaşları, Yaponiyanın turizm bazarında fəal iştirak edən "Geo Travel", "İmprotex Travel" və "ENC Tours" şirkətlərinin nümayəndələri, Dövlət mahnı və rəqs ansamblının üzvləri daxil olmuşlar.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 156 ölkəsindən turizm, səyahət və asudə vaxtın təşkili sahəsində fəaliyyət göstərən 708 yerli və xarici şirkətin iştirak etdiyi "JATA 2012" Beynəlxalq turizm sərgisində Azərbaycanın turizm məhsulları ölkəmiz üçün ayrılmış 63 kvadratmetrlik stenddə nümayiş etdirilmişdir.
Sərgi müddətində ölkəmizin turizm potensialını təbliğ edən, ingilis və yapon dillərində müxtəlif reklam-çap məhsulları Azərbaycan stendinə gələn ziyarətçilərə paylanmış və turizm şirkətləri, həmçinin mütəxəssislərimiz tərəfindən onlara ölkəmizin turizm imkanları haqqında geniş məlumat verilmişdir. Həmçinin, Dövlət mahnı və rəqs ansamblının çıxışları Yaponiyadan olan ziyarətçilər və iştirakçılar tərəfindən böyük maraqla izlənilmişdir.
Sərginin davam etdiyi günlərdə Azərbaycan nümayəndə heyətinin başçısı Nazim Səmədov Yaponiyanın Turizm Agentliyinin rəhbəri Norifumi İdee və bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa işləri üzrə bürosunun baş direktoru Toyohiza Kozuki ilə görüşlər keçirmişdir.
Görüşlərdə Yaponiya ilə Azərbaycan arasında turist dövriyyəsinin artırılması, viza rejiminin asanlaşdırılması, beynəlxalq hava nəqliyyatı vasitəsilə ölkələrarası səfərlər üçün daha rahat şəraitin yaradılması və s. məsələlər üzrə geniş fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, Yaponiyanın turizm şirkətləri üçün 2013-cü ilin ikinci rübü ərzində Azərbaycana infoturun təşkili məsələsi üzrə danışıqlar aparılmış və bu təklif bütün iştirakçılar tərəfindən müsbət qarşılanmışdır.
Bundan əlavə, nazir müavini N.Səmədov Yaponiyanın bir sıra nəşriyyat şirkətləri ilə görüşlər keçirmiş və “Globe Trotter” nüfuzlu beynəlxalq bələdçi kitabının nəşriyyat şirkətini, “İshii Brothers Co.”, “Myata Communications İnc.” Şirkətlərini, Yaponiyanın Rusiya və MDB Ölkələri Üzrə İqtisadi Araşdırmalar İnstitutunu Azərbaycanın turizm sənayesi ilə daha yaxın əməkdaşlıq etməyə çağırmışdır. Sözügedən şirkət və qurumların bir neçəsi ilə Azərbaycanın turizm potensialının tanınması və marketinqi üçün konkret layihələr müzakirə olunmuşdur.
Sərgidə, həmçinin Azərbaycanın turizm şirkətlərinin təmsilçiləri Yaponiyanın, eləcə də digər ölkələrin turizm şirkətləri ilə turist mübadiləsinə dair danışıqlar aparmış, gələcək əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.