Azərbaycan nümayəndə heyəti Tokioda keçiriləcək “JATA 2012” Beynəlxalq turizm sərgisində iştirak edəcəkdir
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 20-dən 23-dək Yaponiyanın paytaxtı Tokio şəhərində "JATA 2012" Beynəlxalq turizm sərgisi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 140 ölkəsindən şirkətlərin iştirak edəcəkləri sərgidə Azərbaycan geniş tərkibli nümayəndə heyəti və turizm şirkətləri ilə təmsil olunacaqdır.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə nazirliyin sektor müdiri Vüqar Şixəmmədov, daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Fikrət Məmmədov, turizmin marketinqi və təbliğatı sektorunun məsləhətçisi Azər Orucov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nəfər üzvü və KİV nümayəndələri daxildirlər.
Sərgidə, həmçinin ölkəmizdən "Geo Travel", "ENC tours" və "İmprotex travel" turizm şirkətləri təmsil olunacaqdır.
Beynəlxalq sərginin keçiriləcəyi ərazidəki 63 kvadratmetr sahədə respublikamızın turizm imkanlarını əks etdirən xüsusi pavilyon quraşdırılmışdır. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis və yapon dillərində Azərbaycanın turizm imkanlarını əks etdirən müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanılacaqdır.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2007-ci ildən başlayaraq artıq beşinci dəfədir ki, Tokioda keçirilən ənənəvi "JATA" Beynəlxalq turizm sərgisində iştirak edirlər.