Azərbaycan Turizm İnstitutunun tələbələri beynəlxalq proqramlarda fəal iştirak edirlər
Bakı, 22 sentyabr (AZƏRTAC). Azərbaycanda turizm sənayesinin qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilməsi sahəsində davamlı islahatlar uğurla həyata keçirilir.
Turizm sahəsinin inkişafı maddi mənfəətin qazanılması ilə yanaşı, ölkə vətəndaşlarının, əsasən sabahın qarantı sayılan gənclərimizin etibarlı iş yerləri ilə təminatına, insanların sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanmış strateji məqsədlərdən biri sayılır.
Ölkəmizdə turizm sektorunun dinamik inkişafı yüksək ixtisaslı kadr hazırlığından birbaşa asılıdır. Məhz Azərbaycan Turizm İnstitutu (ATİ) yarandığı gündən təhsil-təcrübə-təlim-tədqiqat modelinin konkret şəraitdə gerçəkləşməsinə böyük önəm verir. İnstitutda düşünülmüş təhsil imkanları sayəsində ATİ-nin tələbə və əməkdaşları beynəlxalq proqramların fəal iştirakçılarına çevrilirlər.
ATİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Şəhla Əhmədova AZƏRTAC-a bildirmişdir ki, bu ali təhsil ocağında beynəlxalq səviyyəli peşəkar kadr hazırlığına 2007-ci ildən başlanmışdır. Erasmus Mundus proqramına uyğun olaraq təhsilin səviyyəsinin artırılması məqsədi ilə tələbə və əməkdaşların mübadiləsində maraqlıyıq. 2007-ci ildən bu günədək ATİ tələbə və inzibati heyət üzvlərindən 32 nəfəri Yunanıstan, Portuqaliya, İtaliya, Böyük Britaniya, Bolqarıstan, Latviya və Fransada, 1 semestrlik tələbə mübadiləsi üzrə Almaniyanın Yade Universitetində 6 nəfər, o cümlədən 3 nəfər yay dil kursunda, hazırda 2 nəfər isə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universitetində 1 semestr proqramı üzrə təhsillərini davam etdirirlər.
ATİ-nin menecment ixtisası üzrə təhsil alan tələbəsi Teymur Əsədov isə Erasmus Mundus proqramı çərçivəsində Latviyanın Rezekne şəhərindəki Ali Təhsil İnstitutunda bakalavr pilləsində 1 il təhsil almış və doğma instituta qayıtmışdır. T.Əsədov Latviyanın Ali Təhsil İnstitutunda çalışqan tələbə kimi tanınmaqla bərabər, Riqa şəhərində keçirilən “Milli mətbəx” festivalının da iştirakçısı olmuşdur. Azərbaycanın məşhur milli yeməklərini (yarpaq dolması, plov, ləvəngi) stend sərgidə nümayiş etdirmişdir. Festival iştirakçıları Azərbaycana gələndə bu təamlardan dadmaq niyyətində olduqlarını bildirmişlər. İdman yarışlarında da uğurlu çıxışlar edən T.Əsədov ağır atletika üzrə keçirilən beynəlxalq yarışda bürünc medala sahib olmuşdur. Onu da qeyd edim ki, Latviyanın Ali Təhsil İnstitutunda mühazirə və seminarlar ingilis dilində keçirilir. Ölkədə ilk dəfə ikili diplom təcrübəsinə imza atan ATİ-nin tələbəsi üçün dərslərin məhz ingilis dilində keçirilməsi çətinliklər yaratmamışdır. Sevindirici haldır ki, daha bir tələbəmiz məhz Avropa təhsilli mütəxəssis kimi institutumuzun nüfuzunu qoruyanlar sırasında olacaqdır.