Azərbaycanda Dünya Turizm Günü geniş qeyd ediləcəkdir
Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycanda 27 sentyabr-Dünya Turizm Günü rəngarəng tədbirlərlə qeyd olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə sentyabrın 28-də aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sektoru nümayəndələrinin iştirakı ilə "Hilton Baku" mehmanxanasında Dünya Turizm Gününə həsr olunmuş konfransın və müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulmuşdur.
Konfransın proqramına uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrikindən sonra nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev Azərbaycanda turizmin inkişafı barədə məruzə ilə çıxış edəcəkdir.
Turizm sahəsində çalışanların peşə bayramları çərçivəsində, həmin gün eyni zamanda, mehmanxana və turizm fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) yeni yaradılmış elektron xidmət sisteminin, Şahdağ Qış-Yay Turizm Kompleksi, həmçinin Azərbaycan haqqında təəssüratların öyrənilməsi üzrə "İTB Berlin-2012" Beynəlxalq turizm sərgisində təşkil olunan sorğunun nəticələrinin təqdimatı keçiriləcəkdir.
Bununla yanaşı, tədbirdə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən hazırlanmış III milli turizm mükafatı təqdim ediləcəkdir.