Azərbaycanda IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı keçiriləcəkdir
Bakı, 28 sentyabr (AZƏRTAC). Oktyabrın 1-dən 5-dək Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Doqquz Eylül Universitetinin birgə tərəfdaşlığı ilə IV Beynəlxalq Avrasiya arxeologiyası konfransı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ənənəvi olaraq keçirilən tədbirin builki əsas müzakirə mövzusu Avrasiya regionunda arxeoloji və etnoqrafik turizmin inkişaf perspektivləridir.
Tədbirin açılış mərasimi ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, yerli və xarici elm və mədəniyyət xadimlərinin, mətbuat nümayəndələrinin iştirakı ilə oktyabrın 2-də Ağsu şəhərində Orta əsr Ağsu şəhər arxeoloji kompleksində keçiriləcəkdir. Beynəlxalq konfransın arxeologiya və etnoqrafiya mövzusunu əhatə etməsi nəzərə alınaraq açılış mərasimində iştirakçılara ölkəmizin zəngin ənənələrinin və folklor nümunələrinin təqdim edilməsi nəzərdə tutulur.
Oktyabrın 3-4-də beynəlxalq konfrans arxeologiya, etnoqrafiya, qayaüstü təsvirlər və mədəni turizm mövzusunda sessiyalarda işini davam etdirəcəkdir. Bu müddət ərzində ölkəmizə səfər edən xarici nümayəndələr Ağsu, Şamaxı və İsmayıllı rayonlarının ərazilərində yerləşən mədəniyyət və irs nümunələri ilə tanış ola biləcəklər.
Tədbir çərçivəsində "Azərbaycanın kərpic memarlığı" mövzusunda rəsm sərgisinin təşkili nəzərdə tutulur.