Daşkənddəki Dünya Turizm Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının təqdimatı olmuşdur
Daşkənd, 28 sentyabr (AZƏRTAC). Daşkənddəki Turizm Kollecində 27 sentyabr - Dünya Turizm Günü münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə kollecin tələbə-müəllim heyəti, səfirliklərin əməkdaşları, jurnalistlər iştirak etmişlər.
Kollec direktorunun müavini Xaşimcon Babaev və dekan Nadir Əliyev Dünya Turizm Günü ilə əlaqədar tələbə və müəllimləri təbrik etmiş, bu münasibətlə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya, Hindistan, İspaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin turizm potensialı və iqtisadiyyatından bəhs edən təqdimatların hazırlandığını diqqətə çatdırmışlar.
Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi Səbuhi Əhmədov salona toplaşanları salamlamış, dövlətimizin turizm sahəsinə yetirdiyi diqqət və qayğı haqqında danışmış, turizmin mədəniyyətləri yaxınlaşdırdığını, insanları birləşdirdiyini bildirmişdir. Sonra o, kollecə üzərində tarixi abidələrimizin əks olunduğu Azərbaycanın xəritəsi, ölkəmizin turizm potensialı və iqtisadi dirçəlişi ilə əlaqədar müxtəlif kitablar, “Azərbaycan xalçaları” toplusu və digər nəşrlər hədiyyə etmişdir.
Sonra 68-ci qrupun tələbələri Azərbaycan Respublikasının təqdimatını keçirmişlər. Tələbələrdən Anya Anoşina, Polina Tinaeva və Kamila Turakuleva Azərbaycanın turizm potensialı, ölkəmizin iqtisadi inkişafı, neft və qaz layihələri, tarixi abidələrimiz və mədəniyyətimiz haqqında ətraflı məlumat vermiş, Naxçıvan duzu, milli xörəklərimiz haqqında söhbət açmışlar. Eyni zamanda, monitorda “Azərbaycana böyük səyahət” adlı disk nümayiş etdirilmişdir.
Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, Bakının mənzərələrini əks etdirən fotolar, “Görkəmli adamların həyatı” seriyasından Viktor Andrianov və Hüseynbala Mirələmovun Daşkənddə özbək dilində nəşr edilən “Heydər Əliyev” kitabı, “Azərbaycan xalçaları” toplusu, ölkəmiz haqqında müxtəlif bukletlər nümayiş etdirilmişdir.
Kollecin tələbələrindən Esmira İbrahimova və Ruslan İsmayılov Azərbaycan milli rəqslərini ifa etmişlər. Onların məharətli ifaları alqışlarla qarşılanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd