Naxçıvanın Şahbuz rayonunun Ağbulaq kəndində turizm və istirahət kompleksi inşa olunur
Naxçıvan, 27 avqust (AZƏRTAC). Zəngin turizm potensialına malik olan Naxçıvan Muxtar Respublikasında kənd turizminin inkişafı üçün də geniş imkanlar vardır. Şahbuz rayonunun ucqar dağ kəndi olan Ağbulaq da geniş turizm potensialına malik olan yaşayış məntəqələrindən biridir. Kəndin təmiz havası, saf suyu, ekoloji təmiz məhsulları və əlverişli iqlim şəraiti burada turizmin inkişafı üçün böyük imkanlar açmışdır. Məhz bu cür təbii gözəlliklər nəzərə alınaraq ötən ildən etibarən kənddə turizm və istirahət kompleksinin yaradılmasına başlanmışdır.
Avqustun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov turizm və istirahət kompleksinin tikintisinin gedişi ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kompleksin inşasına ötən il başlanmışdır. Qısa müddətdə ərazidə iki yaşayış və texniki-məişət binası, yeməkxana tikilmişdir. Yaşayış binalarının hər biri ikimərtəbəlidir. Burada yaradılacaq otel tipli ayrı-ayrı otaqlarda qonaqlara yüksək xidmət göstəriləcəkdir.
Bildirilmişdir ki, kompleksin yeməkxanası iki hissədən ibarət olacaqdır. Burada mətbəx və 144 yerlik yemək salonu, inzibati hissədə isə kitabxana, tibb və iş otaqları fəaliyyət göstərəcəkdir. Texniki-məişət binasında qazanxana və camaşırxana yerləşəcəkdir.
Qeyd edilmişdir ki, binaların həyətində idman meydançası tikiləcək, açıq istirahət köşkləri və uşaq-əyləncə meydançaları yaradılacaq, yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaqdır. Kompleksə gedən yola asfalt örtüyü döşənəcəkdir.
Diqqətə çatdırılmışdır ki, uşaqların da asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılacaq kompleksdə yay düşərgələri təşkil olunacaqdır. Kompleks həm də ilin bütün fəsillərində müasir ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərəcəkdir.
Bildirilmişdir ki, muxtar respublikanın zəngin kənd və sağlamlıq-müalicə turizm potensialı olan yaşayış məntəqələrində belə müasir infrastrukturun yaradılması turizm sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Ali Məclisin sədri Ağbulaq Turizm və İstirahət Kompleksinin layihəsinə baxmış, inşaat işlərinin gedişi ilə bağlı tapşırıqlar vermişdir.