“Ölkədaxili turizmin inkişafı” layihəsinin təqdimatı keçirilmişdir
Bakı, 26 sentyabr (AZƏRTAC). Sentyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Təhsil Nazirliyinin Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin, Dünya Azərbaycanlı Gənclər Birliyinin və “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin birgə hazırladıqları “Ölkədaxili turizmin inkişafı” layihəsinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru Alik Məmmədov, “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Cəmilə Abdullayeva layihə haqqında geniş məluma vermişlər.
Bildirilmişdir ki, layihə 27 sentyabr - Ümumdünya Turizm Gününə həsr olunmuşdur. Layihə yeniyetmələrdə və gənclərdə Vətənə, xalqa, milli-mənəvi dəyərlərimizə hörmət və məhəbbət hisslərinin daha da gücləndirilməsi, onların azərbaycançılıq ruhunda tərbiyəsi, bilik, bacarıq, ağıl və düşünmə qabiliyyətlərinin üzə çıxarılması, ekoloji tərbiyənin genişləndirilməsi, diyarşünaslığın, daxili turizmin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili məqsədini daşıyır.
Nəzərə çatdırılmışdır ki, layihə çərçivəsində təlim və istirahət məqsədli bir çox məşğələ, ekskursiya, yürüş və səyahətlərin təşkili nəzərdə tutulmuşdur. Tədbirlər çərçivəsində gənclər mədəniyyət və incəsənətimizlə, ölkəmizin təbiəti ilə daha yaxından tanış olacaq, turizm ləvazimatlarından istifadə qaydalarına yiyələnəcək, fiziki sağlamlıqlarının qayğısına qalacaq, zərərli vərdişlərdən uzaq olacaqlar. Bütün bu işlər məktəblilərin yay sağlamlıq düşərgələrində turizm-diyarşünaslıq işinə böyük bir fayda verəcəkdir.
Digər çıxışlarda da layihənin əhəmiyyətindən danışılmışdır.
Layihə 2013-cü il sentyabrın 15-dək davam edəcəkdir.