Parisdə "Top Resa 2012" Beynəlxalq turizm sərgisi başa çatmışdır
Bakı, 21 sentyabr (AZƏRTAC). Sentyabrın 21-də Fransanın paytaxtı Parisdə "Top Resa 2012" Beynəlxalq turizm sərgisi başa çatmışdır.
Dünyanın 100-ə yaxın ölkəsindən turizm fəaliyyəti ilə məşğul olan çoxsaylı şirkətlərin qatıldıqları və 4 gün davam edən sərgidə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi müdirinin müavini Rauf Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə Azərbaycanın “Geo Travel", "Gilan Tourism", "Millennium Tourism and Congress DMC" və "SW travel" şirkətləri icarəyə götürülmüş 72 kvadratmetrlik sahədə ölkəmizin turizm potensialını nümayiş etdirmişlər.
Sərginin açılış mərasimində iştirak edən Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları ölkəmizin stendini ziyarət etmiş, təmsilçilərimizə uğurlar arzulamışlar.
Stendimizi ziyarət edən insanlara fransız və ingilis dillərində ölkəmizə dair müxtəlif bukletlər, tarix və mədəniyyətimizi, abidələrimizi, gözəl təbiətimizi əks etdirən broşürlər, digər əyani vəsaitlər təqdim edilmişdir.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri sərginin davam günlərdə stendimizi ziyarət edən insanlar qarşısında dəfələrlə milli rəqslərimizi nümayiş etdirmişlər.
Bütün bunlar sərgiyə gələnlərdə böyük maraq doğurmuşdur. Ümumilikdə budəfəki sərgidə Azərbaycanın stendinə daha geniş diqqət müşahidə edilmişdir.
Sərgi çərçivəsində Azərbaycanın turizm şirkətlərinin təmsilçiləri müxtəlif ölkələrdən olan həmkarları ilə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.