Qaxda yay turizm mövsümünün yekunları müzakirə edilmişdir
Qax, 27 sentyabr (AZƏRTAC). Qax rayonunun İlisu kəndində yerləşən “İlisu pansionatı”nda 27 sentyabr - Dünya Turizm Günü, həmçinin yay turizm mövsümünün başa çatması münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin, rayonda fəaliyyət göstərən turizm-istirahət mərkəzlərinin, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qax rayonunun turizm potensialını əks etdirən sərgi ilə tanış olmuşlar.
Tədbirdə rayonda turizm sahəsinin inkişafı ilə bağlı görülən işlər barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qarşıya qoyduğu tələblərə uyğun olaraq rayonda yüksək standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində ardıcıl iş aparılır. 2011-ci ilin noyabrında rayonda yüksək xidmət növləri ilə seçilən beşulduzlu “El Resort” otel kompleksinin, habelə Qax şəhərində “İçəribazar” turizm və mədəniyyət mərkəzinin istifadəyə verilməsi turistlərin əsrarəngiz təbiəti və iqlimi ilə seçilən bu rayona marağını daha da artırmışdır. Təsadüfi deyildir ki, cari ilin ötən dövrü ərzində rayona 17 mindən artıq turist gəlmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 min nəfər çoxdur. Hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Turizm obyektlərində yerlərin sayı artaraq 600-ə çatmışdır.
Sonda yay turizm mövsümündə fərqlənən turizm mərkəzlərinin rəhbərlərinə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbir bədii proqramla başa çatmışdır.