“Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu” mövzusu ətrafında müzakirələr aparılmışdır
Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) 2013-cü ilin mayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və 27 sentyabr - Dünya Turizm Günü münasibətilə “Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu” mövzusunda konfrans keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, konfransda ATİ-nin rektoru, professor Cəfər Cəfərov və Dialoq Avrasiya Platformunun (DAP) Azərbaycan üzrə əlaqələndiricisi Mustafa Saatçı, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Dünya Turizm Günü münasibətilə konfrans iştirakçılarını təbrik etmişlər.
C.Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyətindən, qazandığı uğurlardan danışmışdır. Qeyd etmişdir ki, institut yarandığı gündən bir sıra yenilikləri ilə fərqlənmişdir. İlk dəfə ATİ-nin məzunları bakalavr pilləsində ikili diploma sahib olmuşlar. Tələbələr və əməkdaşlarımız dünyanın nüfuzlu ali məktəblərində mübadilə proqramları üzrə təhsil alır və təcrübə qazanırlar. Hazırda ATİ-də təhsilin bütün səviyyələrində 2000-dən artıq gəncin turizm sahəsi üzrə kadr hazırlığı həyata keçirilir.
Konfransda BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşı Vəfa Səfərli, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Enver Özerin, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Əhməd Arslan, ATİ-nin dekanı Nəsirulla Nəsirli, dosenti Minaxanım Əsədova məruzə ilə çıxış etmişlər.